ASIMKOM

Azərbaycanda hicab qadağası: vicdan azadlığına, təhsil, peşə və əmək hüquqlarına əsassız və özbaşına müdaxilə

Azərbaycanda hicab qadağası: vicdan azadlığına, təhsil, peşə və əmək hüquqlarına əsassız və özbaşına müdaxilə

19 oktyabr 2026-cı il

İlham Əliyevin demokratik mandatının olmadığı şəraitdə hicab qadağasını dünyəvilik prinsipi ilə əsaslandırması bu prinsipdən siyasi məqsədlərlə sui-istifadədir. Bu qadağa cəmiyyətin diqqətini hakimiyyətin yaratdığı siyasi və sosial problemlərdən yayındırmağa, dini inanclı vətəndaşları hədəfə çevirməklə hakimiyyətin nəzarətini gücləndirməyə xidmət edir. Təhsil, səhiyyə və dövlət müəssisələrində hicaba tətbiq edilən əsaslandırılmamış, diskriminativ motivlərə söykənən, özbaşına və qeyri-mütənasib məhdudiyyətlər vətəndaşların vicdan azadlığını, şagirdlərin təhsil, insanların isə peşə və əmək hüquqlarını pozur. Dünyəvilik dini inanclara və geyimə görə məhdudiyyət qoymaq deyil, dövlətin bütün vətəndaşlara bərabər münasibət göstərməsini və vicdan azadlığını təmin etməkdir.

İctimai müzakirələrdən və demokratik ictimai iştirakçılıqdan kənar, demokratik prosesə zidd şəkildə qəbul edilən bu məhdudiyyətlər cəmiyyətdə ayrı-seçkiliyi və dözümsüzlüyü dərinləşdirir. Hicab məsələsində valideynlərin hüquq və maraqları ilə uşaqların hüquq və maraqları arasında ədalətli balanslaşdırma aparılmadan uşaqların təhsil hüququnun məhdudlaşdırılması özbaşına müdaxiləyə yol açır. Uşaqların mənafeyi onların təhsil hüququna və vicdan azadlığına hörmət əsasında, açıq müzakirə və əsaslandırılmış qərarlarla qorunmalıdır.

Öz hüquqlarını dinc yolla müdafiə edən vətəndaşların “agent”, “casus” kimi ittihamlarla hədəfə alınması, dindar vətəndaşların dini inancları və görünüşləri əsasında profilizasiyaya məruz qalması, habelə haqsız yerə həbs edilmələri vəziyyəti daha da ağırlaşdırır. Polis idarələrində davam edən institusional zorakılıq dayandırılmalı, vətəndaşların hüquq və ləyaqəti qorunmalıdır. Dinc etirazlar və dini inanclar repressiya üçün əsas deyil, hüququn aliliyi və insan hüquqlarına hörmət çərçivəsində qarşılanmalı məsələlərdir.

ASİMKOM hicaba tətbiq edilən əsaslandırılmamış, diskriminativ motivlərə söykənən, özbaşına və qeyri-mütənasib məhdudiyyətlərin aradan qaldırılmasını, bu məsələnin demokratik ictimai iştirakçılıq əsasında müzakirəsini, valideynlərin və uşaqların hüquq və maraqları arasında ədalətli balanslaşdırmanın təmin edilməsini, dindar vətəndaşlara qarşı profilizasiyanın dayandırılmasını, polis idarələrində institusional zorakılığa son qoyulmasını, dinc etirazçılara qarşı təqib və repressiyaların dayandırılmasını, haqsız yerə həbs edilmiş şəxslərin azadlığa buraxılmasını, təhsil, peşə və əmək hüquqlarının bərpasını tələb edir.