ASIMKOM

MEYDAN TV-NİN DOĞUM GÜNÜ

MEYDAN TV-NİN DOĞUM GÜNÜ

Bu gün Meydan TV mediaplatformasının yaranmasının 12-ci ildönümüdür. Ötən illər ərzində bu media qurumu təhlükə və çətinliklərlə dolu böyük və keşməkeşli yol keçib və hazırda Azərbaycanın ən güclü və oxunan mediası sırasında öz nüfuzlu yerini tutur. Avtoritarizmin gücləndiyi və neostalinizmə çevrildiyi, Bakı ofisində işləyən bütün əməkdaşların şərlənib həbsə salındığı bir zamanda bütün maneələrə və repressiyalara baxmayaraq Meydan TV hələ də ayaqdadır, müstəqilliyini və əyilməzliyini saxlayır, fəaliyyətini davam edir və Azərbaycan cəmiyyətinə alternativ məlumat və rəylər çatdırır. Bu illər ərzində Meydan TV-nin keçdiyi yola gerçək qəhrəmanlıqyolu demək olar. Demokratik inkişaf və demokratiya uğrunda mübarizənin əsasında alternativ məlumat və rəylərin ıstehsalının və yayılmasının da dayanması məlumdur. MeydanTV bu işi ən çətin şəraitdə peşəkarcasına görərək Azərbaycan xalqının azadlıq, demokratiya və ləyaqətli həyat uğrunda mübarizəsinə öz töhfəsini verməyə davam edir. MeydanTV-nin bu sahədə gördüyü iş və çətinlikləri haqqında çox danışmaq olar, amma onlar qısa bir təbrikə sığmaz. Şübhə yoxdur ki, Meydan TV, onun müəllif və əməkdaşlarının işi, çap olunan materiallar və fəaliyyət şəraiti gələcəkdə, demokratik quruluşda ciddi öyrəniləcək, haqqında nəinki məqalələr, hətta dissertasiya və kitablar yazılacaq. Bu gələcəyin işidir. İndi isə Meydan TV-nin gündəlik fəaliyyəti və mübarizəsi, onun həbsdə olan əməkdaşlarının dirənişi davam edir. Belə bir gündə və şəraitdə ASİMKOM Meydan TV-nin bütün – həbsdə və azadlıqda olan əməkdaşlarını, habelə çoxsaylı oxucu və tamaşaçı auditoriyasını təbrik edir, onların azadlıq, səbr, təmkin, iradə, cansağlığı və yaradıcılıq uğurları arzulayır!

Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəz