ASIMKOM

ASİMKOM Əliyevi məhkəməyə verir!

ASİMKOM Əliyevi məhkəməyə verir!

Yeni üzvlərin qəbulu

Noyabrın 30-da Azərbaycanlı siyasi mühacirlərin Koordinasiya Mərkəzinin növbəti iclası keçirildi. İclasda bir neçə məsələ, o cümlədən, təşkilatın saytının müzakirəsi, yeni üzvlərin qəbulu ilə bağlı məsələlər müzakirə edildi. İştirak edənlərin əksəriyyətinin səs çoxluğu ilə İlqar Hacıyev (ABŞ), Nuridə Quliyeva (ABŞ), Pərviz Hətəmov (Kanada), Bəhruz Əliyev (İsveçrə), Rza Talebi (Almaniya) ASİMKOM üzvlüyünə qəbul edildilər. İclasda ASİMKOM-un saytının yaradılması xəbəri məmnuniyyətlə qarşılandı və adminlər müəyyən edildi.

Əliyevin cinayətləri barədə sənədləşdirmə

30 noyabr iclasında ən mühüm hadisə İlham Əliyevin hakimiyyəti zamanı baş vermiş bir çox hadisələrin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsi və buna görə şəxsən məsuliyyət daşıyan İlham Əliyevin özünün hərəkətlərindən Beynəlxalq Cinayət Məhkəməsinə göndərilmək üçün şikayət ərizəsinin hazırlanması barədə qərar oldu. İclasda qərara alındı ki, Haaqa məhkəməsinə ASİMKOM-la tərəfdaş olmağa razılıq verən rəsmi tərəfin- Haaqa Məhkəməsinin yurisdiksiyasını qəbul edən dövlətin müəyyənləşdirilməsi üçün rəsmi fəaliyyətə başlanılsın. Təşkilatın iclasında müəyyən edilən dövlətlərin rəhbərlərinə belə bir müraciət mətni təsdiq edildi.

**“Hörmətli xanımlar və cənablar

2003- cü ildə seçkilərıi kütləvi saxtalaşdırmaq yolu ilə, inzibati güc və insan ölümü ilə nəticələnən zorakılıq tətbiq etməklə hakimiyyətə gələn və prezident kürsüsünü ələ keçirən İlham Əliyev hakimiyyətin qəsb edilməsini bu zamana qədər ən azı 5 dəfə, bütün hallarda prezident seçkilərinin nəticələrini saxtalaşdıraraq təkrar etmişdir.

İlham Əliyevin prezident kimi hakimiyyətdə olduğu bu müddət ərzində (2003- 2024) Azərbaycanda minlərlə şəxs siyasi motivlərlə, saxta ittihamlarla həbs edilib, onların böyük əksəriyyəti yerli və beynəlxalq təşkilatlar (o cümlədən Amnesty İnternational) tərəfindən siyasi dustaq, vicdan məhbusu olaraq tanınmışdır

İlham Əliyevin prezident kimi fəaliyyət göstərdiyi bu müddət ərzində vətəndaşlara qarşı şiddətli işgəncələr tətbiq edilib, bir çox hallarda bu işgəncələr kütləvi insan qruplarına qarşı tətbiq edilib. Həm fərdi, həm də qrup halında tətbiq edilən işgəncə prosesləri zamanı çoxlu sayda insan öldürülmüşdür.

Bundan əlavə, İlham Əliyevin hakimiyyətdə olduğu müddət ərzində Azərbaycanı minlərlə insan siyasi təqiblərə görə tərk etməyə məcbur olub, onlardan bəziləri xarici ölkələrdə öz siyasi fəaliyyətlərini davam etdirdiyi üçün sui-qəsd yolu ilə öldürülmüşdür.

Bütün bu faktlar sizə təqdim ediləcək arayışda ətraflı şəkildə göstərilmişdir.

Bu arayış ASİMKOM- Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi tərəfindən hazırlanan hüquqi sənəddir. Biz Beynəlxalq Cinayət Məhkəməsinin qaydalarına uyğun olaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Yurisdiksiyasını qəbul edən dövlətin təmsilçisi olaraq sizə müraciət edirik.

Tərtib etdiyimiz arayışda İlham Əliyevin Azərbaycanda hakimiyyəti saxtakarlıq yolu ilə qəsb etdiyi və əldə saxladığı 20 ildən artıq müddətdə törədilmiş cinayət əməllərini insanlığa qarşı cinayət saymaq və qiymətləndirmək üçün yetərli qədər faktlar, hüquqi arqumentlər mövcuddur.

Sizdən xahiş edirik, ASİMKOM-un bu iddiasına rəsmi tərəfdaş olaraq bizim ərizəmizi Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edin.

Bu, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul edən Ali Tərəf olaraq sizin beynəlxalq hüquq və bəşəriyyət qarşısında xidmətləriniz kimi qiymətləndiriləcək.

Presedent: Polşa dövləti Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı.

Sayğılarla…”**

ASİMKOM