ASIMKOM

ASİMKOM Bonn konfransından hesabat

ASİMKOM Bonn konfransından hesabat

Oktyabrın 25-də Almaniyanın Bonn şəhərində ASIMKOM növbəti toplantısını keçirdi. Bu dəfəki toplantının gündəliyində təşkilatın fəaliyyət istiqamətləri barədə məruzələr və onların müzakirəsi vardı.

Toplantını giriş sözü ilə açan Qənimət Zahid (ASİMKOM sədri):

“Hörmətli həmvətənlər, dəyərli mübarizə yoldaşları, konfrans iştirakçıları!

Bugünkü tədbir yalnız bir konfrans deyil. Bu, bizim birlik ruhumuzu təzələmək, siyasi mühacirətin missiyasını yenidən formalaşdırmaq və Azərbaycanın demokratik gələcəyinə bağlılığımızı bir daha təsdiqləmək üçün önəmli bir fürsətdir.

Müasir dünyada siyasi mühacirlik sadəcə siyasi sığınacaq və ya təhlükədən qaçış deyil. O, həm də vicdanın, idealların və siyasi iradənin davamıdır. Biz vətəndən fiziki olaraq uzaq düşsək də, vətən üçün məsuliyyət daşımağa davam edirik. Bu gün burada toplanmağımızın əsas səbəbi də məhz budur: sürgündə belə olsa, Azərbaycanın azadlığına xidmət etmək.

Mən bir sıra mühüm vəzifələrin haqqında danışmaq istəyəcəm və hesab edirəm ki, ASİMKOM özünü bu vəzifələrin yerinə yetirməsi üçün hazır təşkilat halında təsəvvür edilməlidir.

I. Siyasi mühacirətin birliyi: parçalanma yox, əməkdaşlıq

Mühacirətdə olan insanların çoxu ölkəni tərk edərkən siyasi təqibə, həbslərə, şantaj və zorakılığa məruz qalıb. Bu insanların birləşməsi və koordinasiyalı fəaliyyəti təkcə Azərbaycan müxalifətinin deyil, cəmiyyətin vicdanının bir hissəsidir.

Lakin reallıq göstərir ki, siyasi mühacirət cəmiyyətində bəzən parçalanma, inamsızlıq və koordinasiya problemi yaşanır. Bu isə həm beynəlxalq nüfuzumuza, həm də daxildəki demokratik hərəkatlara dəstək imkanlarımıza zərbə vurur.

Biz ASİMKOM olaraq hesab edirik ki, bu parçalanmaya son qoymaq və mühacirəti konstruktiv fəaliyyət müstəvisində birləşdirmək zamanıdır. Birləşmək üçün hər kəsin eyni düşüncədə olması vacib deyil. Yetər ki, azad, ədalətli və demokratik Azərbaycan ideyasını bölüşək.

Birliyimizin əsas prinsiplərini hamımız eyni dərəcədə anlamalıyıq:

• Şəxsi ambisiyaları ümumi məqsədlərə qurban vermək

• Fəaliyyət və qərarların qəbulunda şəffaflıq və qarşılıqlı etimad

• İdeoloji fərqlərə hörmətlə yanaşmaq, ortaq məqsədlərə fokuslanmaq

• Diaspor resurslarının effektiv koordinasiyası və səfərbər olunması

II. Azərbaycandakı demokratik proseslərə dəstək və konkret öhdəliklərimiz barədə.

Azərbaycan daxilində fəaliyyət göstərən müstəqil jurnalistlər, hüquq müdafiəçiləri, siyasi fəallar və partiya nümayəndələri son illərdə artmaqda olan təzyiqlərlə üz-üzədirlər. Bu insanlar bəzən ailə üzvləri ilə birlikdə cəzalandırılır, bəzən də tamamilə ictimai təcridə məruz qalırlar.

Biz, siyasi mühacirlər, bu mübariz insanlara yalnız uzaqdan baxan müşahidəçilər yox, onların birbaşa həmrəy və aktiv dəstəkçiləri olmalıyıq.

ASİMKOM bu istiqamətdə aşağıdakı konkret fəaliyyətləri planlaşdırır və həyata keçirməyi özünün borcu sayır:

  1. Siyasi məhbuslara dəstək kampaniyaları: Onların adlarının beynəlxalq səviyyədə tanıdılması və azadlıqları uğrunda təzyiqlərin artırılması üçün fəaliyyət
  2. Hüquqi və informasiya dəstəyi: Fəalların müdafiəsi üçün beynəlxalq hüquq platformalarına çıxış imkanı yaratmaq
  3. Media dəstəyi: Azərbaycanda baş verən insan hüquqları pozuntularının beynəlxalq mediada işıqlandırılması.

Qoy heç bir fəal özünü tənha hiss etməsin. Bizim buradakı missiyamız onlara bu mesajı verməkdir:

“Siz mübarizə meydanındasız, amma biz də sizinləyik!”

III. ASİMKOM-un beynəlxalq səviyyədə Azərbaycanın siyasi təmsilçiliyi roluna iddiası. Bu baxımdan digər mühüm fəaliyyət istiqamətimiz – Azərbaycanın müxalif fikirlərinin beynəlxalq arenada səsləndirilməsi və leqitim təmsilçiliyidir. Təəssüf ki, Azərbaycan hakimiyyəti dünya ictimaiyyətinə demokratik imic təqdim etmək üçün çoxsaylı manipulyativ üsullardan istifadə edir. Saxta islahatlar, süni partiyalar və formal seçkilərlə demokratiya görüntüsü yaratmağa çalışır.

ASİMKOM bu görüntünü ifşa etmək və real Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyət göstərir.

Bizim beynəlxalq səviyyədə əsas prioritetlərimiz bunlardır:

• Avropa Parlamenti və BMT platformalarında çıxışlar və sənədli müraciətlər

• Freedom House, Human Rights Watch və Amnesty International kimi hüquq müdafiə təşkilatları ilə sıx əməkdaşlıq

• Avropada fəaliyyət göstərən insan haqları və qeyri- hökumət diaspor təşkilatları ilə koalisiyalar qurmaq

• Azərbaycan müxalifətinin hüquqi, ideoloji və mənəvi mövqeyini xarici partnyorlar qarşısında ifadə etmək.

Mühacirətdə olan Azərbaycan jurnalistlərinin fəaliyyətlinə əlimizdən gələn bütün dəstəyi vermək.

Biz həm də beynəlxalq müstəvidə bu həqiqəti qabardırıq: Azərbaycan xalqı diktatura istəmir, demokratiya istəyir. Azərbaycan xalqı susmur, sadəcə boğulur. Amma səslərin boğulmasına imkan verməmək, bu səslərin yüksəlməsinə və dümyaya çatdırılmasına dəstək vermək bizim vətəndaşlıq borcumuzdur.

Nəhayət, biz bilməliyik ki, Sürgündə olsaq da, səssiz qala bilmərik.

Əziz dostlar, bu gün biz Azərbaycan tarixində mühüm bir missiyanı daşıyırıq. Biz susduqca, rejim güclənəcək. Biz birləşdikcə – xalqın ümidini diri saxlayacağıq.

Hər zaman bu sualı özümüzə verməliyik:

“Vətəndən uzaqda nə edə bilərik?”

Cavab aydındır:

• Biz həqiqəti deyə bilərik.

• Biz dəstək ola bilərik.

• Biz təmsil edə bilərik.

• Biz laqeydliyə və unutmağa imkan verməyə bilərik.

Unutmayaq ki, biz təkcə bir təşkilatın deyil, bir xalqın vicdanının səsini daşıyırıq”.

Daha sonra ASİMKOM İdarə Heyətinin üzvü Arif YunusRauf Mirqədirov məruzə ilə çıxış etdilər. Arif Yunus Azərbaycanda insan haqları və siyasi həbslər məsələsi ilə bağlı, Rauf Mirqədirov isə Azərbaycan mühacirlərinin postsovet ölkələrindən olan siyasi mühacirlərin birgə əməkdaşlığıŞ qlobal demokratiya alyanslarının yaradılması təşəbbüsləri ilə bağlı danışdılar. Sonra isə ASİMKOM İdarə Heyətinin üzvü Çingiz Sultansoyun məruzəsi dinlənildi:

“XXI əsrin əvvəlindən başlayaraq beynəlxalq siyasət və dünya düzəni yeni bir mərhələyə qədəm qoyub. Mərhələnin əvvəlkindən əsas fərqi avtoritar rejimlərin ən müxtəlif şəkildə əməkdaşlıq edərək, mürəkkəb, çevik və çox zaman görünməz bir şəbəkə yaratmasıdır. Tarix və siyasət mövzularında ixtisaslaşan amerikalı jurnalist və publisist Ənn Əpplbaum bu fenomeni tədqiq edərək kitab yazıb və Autocracy, Inc. adlandırıb. Belə şəbəkəni leqal və qeyri-leqal, ortaq siyasi, iqtisadi, maliyyə, hərbi, texnoloji maraqlardan başqa repressiv və başqa qanunazidd maraqlar da birləşdirir. Şəbəkəyə “Diktatorlar birliyi” ya “Diktatorlar klubu” da demək olar.

Söhbət avtoritar rejimlər arasında təkcə sadalanan sahələrdə əməkdaşlıqdan getmir, söhbət hakimiyyət, kapital, korrupsion sxemlər, xüsusi xidmət orqanları və rəqəmsal texnologiyaların qlobal səviyyədə birləşdiyi yeni infrastrukturdan gedir. Bu infrastruktur qlobal bazarın qaydaları ilə işləyir, lakin məqsədi tam əksdir — qeyri-legitim hakimiyyətlərin möhkəmlənməsi və onlara mane olan demokratik institutların zəiflədilməsi.

Autocracy, Inc. formal qurum deyil, qeyri-formal qarşılıqlı əlaqələr sistemidir. Onun fəaliyyət prinsipi - resurs mübadiləsidir, o neft, qaz, pul, qeyru-qanuni ticarət və müxtəlif təsir kimi ortaq maraqlar prinsipləri əvəz edir.

Təbii ki, açıq və rəsmi də əməkdaşlıq edən avtoritar rejimlərin gizli əməkdaşlığı aşağıdakı istiqamətlərdə aparılır:

siyasi - BMT, AŞPA, ATƏT kimi forumlarda qarşılıqlı dəstək;

iqtisadi - sanksiyalardan yayınma, neft-qaz ticarəti, insan və narkotik ticarəti, qarşılıqlı kreditlər;

texnologiya və kibertəhlükəsizlik – izləmə, nəzarət sistemləri və dezinformasiya texnologiyalarının mübadiləsi;

repressiv - müxaliflərin izlənməsi, qətl, həbs və ekstradisiya məsələlərində qarşılıqlı yardım.

Bu şəbəkənin əsas xüsusiyyəti onun görünməzliyi və hüquqi adaptasiyasıdır. Autocracy, Inc.-in bir çox “mərkəzləri” Moskva, Pekin və ya Bakıda çox, London, Nyü-York, Cenevrə, Dubay və ya Riqa kimi şəhərlərdə yerləşir - yəni, avtoritar kapitalın leqallaşması üçün Qərb hüquq sisteminin boşluqlarından istifadə edilir.

XX əsrin sonunda klassik qloballaşma açıq bazarların və sərbəst kapital axınının üzərində qurulmuşdusa, XXI əsrin qloballaşmasının təsvir olunan yan prosesləri daha çox siyasi təsirin özəlləşdirilməsi, ticarət və kapital axınlarının kriminallaşmasından ibarətdir. “Azadlıq Radiosu”nun əməkdaşı Yaroslav Şimov yazır ki, əslində söhbət bir növ kölgə qloballaşmasından gedir və bu fenomeni belə də adlandırır, qısaca KQ. Görünən budur ki, KQ getdikcə dünya düzəninə daha çox təsir edir və bu təsirin təhlükəsi özünü demokratik, qanunpərəst sayan ölkələrə yönəlib.

Autocracy, Inc. bu prosesin məntiqi nəticəsidir: o, qloballaşmanı dağıtmaq məqsədi qoymur, əksinə, onun institutlarından faydalanır, beynəlxalq mexanizmləri öz məqsədləri üçün istifadə edir. Amma korrupsiya, nepotizm və rüşvət dövləti içəridən yeyib dağıtdığı kimi KQ - kölgə qloballaşması demokratik dövlətləri qurd kimi tədricən və gizlicə içəridən yeyir.

Qərb bankları, hüquq şirkətləri və lobbi təşkilatları bu sistemin tərkib hissəsi kimi çirkli pulların yuyulması və qanunsuz maliyyə axınlarının leqallaşmasına xidmət edirlər. Ənn Əpplbaum onların məsuliyyətini vurğulayır: “Qərb institutları, şirkətləri, hüquqçu və siyasətçiləri bu sxemləri mümkün edir, işləməsindən gəlir götürür və qoruyurlar.” (Applebaum, Autocracy, Inc., 2021).

Kiçik olamasına baxmayaraq, Autocracy, Inc.-in iştirakçıları arasında Azərbaycan xüsusi yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev neft-qaz ehtiyatlarından və beynəlxalq korrupsiya kanallarından ölkə daxilində hakimiyyətini gücləndirmək, xaricdə isə çirkli pulunu yumaq, banklarda yatırıb gizlətmək, xaricdə də pul qazanmaq, xaricdə imicini yaxşılaşdırmaq, tənqidi azaltmaq, özünü legitimləşdimək, bu zalda yığışan insanlar kimi tənqidçiləri susdurmaq, öz təsir imkanlarını artırmaq və başqa belə məqsədlər üçün istifadə edir.

Yaxşı bildiyiniz səciyyəvi nümunələrin yalnız bir qismi:

Azərbaycanın dünyada və Avropada “Kürü diplomatiyası”, Azərbaycani Landromat kimi tanınan, o cümlədən AŞPA prezidenti Pedro Agramuntun istefası və deputat Luka Volonteninin məhkumluğu ilə nəticələnən qalmaqal;

Azərbaycanın AŞPA-da heç zaman Rusiyanın əleyhinə səs verməməsi;

Rusiya neftinin sanksiyalardan yayındırılaraq Azərbaycan vasitəsilə satılması. İlham Əliyevin şirkətlərinə məxsus, sanksiyalı Rusiya neftini daşıyan tankerlerin saxlanılması gizli Rusiya-Azərbaycan əməkdaşlığının sübutlarından biridir.

“Azeri Light işi” - Bakı-Tbilisi-Ceyhan kəməriylə ixrac olunan Azərbaycan neftində yad qarışıqların aşkarlanması, bu qarışığın böyük ehtmalla Rusiya nefti olması həmin gizli Rusiya-Azərbaycan əməkdaşlığının başqa bir sübutudur.

Bu iki işin SOCAR-ın top-meneceri olmuş Adnan Əhmədzadənin boynuna qoyulması;

Xaricdəki azərbaycanlı siyasi mühacirlərə qarşı repressiyalar sırası, məsələn:

Almaniyada videobloger Qabil Məmmədova qarşı məhkəmə iddiası, videobloger Orxan Ağayevin döyülməsi;

Norveçdə siyasi sığınacaq almış Daşqın Ağalarlının Polşada Aəzrbaycanın sifarişiylə İnterpol tərəfindən həbsi və Azərbaycana yalnız xoşbəxt təsadüf nəticəsində baş tutmayan deportasiya cəhdi; Tbilisidə yaşayan Əfqan Muxtarlının yerli güc qurumları tərəfindən oğurlanması və Bakıya deport edilməsi; Türkiyədə Rauf Mirqədirovun Azərbaycana səbəbsiz deportu və həbsi; əvvəllər hakimiyyətə çox yaxın olan, sonra qəzəbinə gələrək Almaniyada siyasi sığınacaq alan eks-deputat Hüseyn Abdullayevin Türkiyəyə gələn kimi Azərbaycana deportu;

Fransada bloger Məhəmməd Mirzəliyə iki qəsd nəticəsində bıçaqlanması;

Vidadi İskəndərlinin Fransada qətli, Bayram Məmmədovun İstanbulda müəmmalı ölümü, Hüseyn Bakıxanovun Gürcüstanda müəmmalı ölümü, Vüqar Rzayevin Belçikada müəmmalı ölümü…

Qətlə yetirilən Malta jurnalisti Dafne Kəruana Qalisianın işində tapılan SOCAR-ın izləri və b. bu kimi əməliyyatlar müxtəlif səviyyəli transsərhəd repressiya nümunələridir.

2014-cü ildə İrandan Azərbaycana gələn, bizdən Gürcüstana keçəndə saxlanılan, bizdə yiyəsi-krışası tapılmayan, hakimiyyətin üstündən heç nə olmamış kimi sükutla keçdiyi, Aropada qiyməti ən azı 300 milyon dollar olan 3 tona qədər duru heroin çəlləkləriylə dolu kiçik yük maşını;

Ramiz Mehdiyevlə bağlı xatırlanan “Gülərqeyt” rüşvət qalmaqalının iki vasitəçi qəhrəmanı - Gülər Əhmədova və Sevinc Babayeva, Babayevanın Türkiyədə müəmmalı ölümü, mərhumənin oğlunun sözüylə desək, öldürülməsi deyilənlərin sübutu deyilmi?

AŞ-da “Kürü diplomatiyası” na bir daha qayıdım - oktyabrın 20-də Almaniyada, Münhendə Azərbaycan hökumətindən rüşvət almaqda ittiham olunan keçmiş deputat Aksel Fişerin məhkəməsi başlayıb. Aksel Fişer, Eduard Lintner və Karin Sternz KQ-nin aşkarlanan alman iştirakçılarıdır.

İsraildən Peqasus izləmə proqramının alınıb müxalifətə və bütün demokratik kəsimə qarşı istifadəsi də bu fəaliyyətin bir parçasıdır.

Bu siyahını çox uzatmaq olar… Bütün bu faktlar göstərir ki, Azərbaycan Autocracy, Inc.-in sıradan və passiv üzvü deyil, əksinə, aktiv və yaradıcı iştirakçısıdır. Rəsmi Bakının Rusiya-İran-Türkiyə əlaqələri bu rolu daha da gücləndirir.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Autocracy, Inc.-in şəbəkəsi daha da möhkəmlənib. Rusiya, İran, Şimali Korea, Belarus hərbi və iqtisadi sahələrdə səmərəli müştərək fəaliyyət və yaxşı koordinasiya nümayiş etdirdilər.

Qüzey Koreya ordu hissələrinin Rusiyaya göndərilməsi, İrandan “Shahed-136” pilotsuz uçuş aparatlarının alınması Autocracy, Inc.-in gözəl bir misaldır. Nəhayət, avtoritar ölkələrin Pekində keçirilən zirvə görüşü bu qarşılıqlı yardım sisteminin artıq yaranan çətin vəziyyətdən, kəskin ehtiyacdan asılı olaraq deyil, daimi və institusional xarakter aldığını, Qərbin əlaqə və qurumlarına alternativ parallel bir beynəlxalq əlaqə, müttəfiqlər sisteminin qurulduğunu göstərir.

1990-cı illərdə Qərbin siyasi və politoloji dairələrində belə bir qənaət vardı ki, almanca “Wandel durch Handel” - “Ticarət vasitəsiylə dəyişiklik” taktikası, bazar münasibətləri və rəqabət nəticəsində inkişaf, mənəvi dəyərlərin və siyasi şüurun yüksəlişi baş verəcək, sonucda Rusiya və postsovet məkanına da demokratiya gələcək və inkişaf edəcək. Amma postkommunist dəyişikliklər Qərbin gözləntilərini doğrultmadı, reallıq isə xeyli acınacaqlı oldu.

Səbəbləri:

Bazar iqtisadiyyatı və qloballaşmanın siyasətdə mü`tləq demokratik dəyişikliklər gətirəcəyiylə bağlı gözləntinin səhv olmasına ən yaxşı misal Çindir. O, qloballaşmanın aparıcı iştirakçısı və əsas benefisiar – xeyrinigörənlərin biri oldu, lakin demokratiyaya bir addım yaxınlaşmadı. Eyni hal Putin Rusiyası və Ərdoğanın Türkiyəsinin ilk dövrlərində də baş verdi. Bilmirəm, bunu Azərbaycan haqqında da demək olar ya yox?

Postsovet ölkələrində kapitalizm ilk gündən özünəməxsus şəkildə, iri bizneslə korrupsion nomenklatur bürokratiya arasında sıx əlaqələr hesabına formalaşdı. Nəticədə postsovet məkanda “gənc demokratiyalar” deyil, onların saxta forması – Rusiyada, Azərbaycanda, Gürcüstandakı kimi simulyakrlər meydana gəldi.

Demokratikləşmənin ən güclü vasitələrindən biri kimi məhz İnternet texnologiyalarının olacağı haqda təsəvvürlər də özünü doğrultmadı. Bəli, “Ərəb Baharı” zamanı messencerlər xalqın köməyinə gəldi, amma diktaturalar tez nəticə çıxarıb internetdə bloklama, yasaq və məhdudiyyət qoymağı da çox tez öyrəndilər. Yalançı təbliğat mexanizmlərini isə əvvəldən yaxşı bilirdilər.

Avtoritar rejimlər demokratik ölkələrdən öz korrupsion məqsədləri üçün faydalanmağı da tez öyrəndilər. Məsələn, onlar oğurlanmış milyardlarını məhz Qərb ölkələrinə gizlədir, yatırır və orada yenilərini qazanırlar - halbuki öz təbliğatlarında həmin ölkələri “pozğun”, “çürüyən” kimi təbliğ edirlər. Azərbaycan televiziyalarında İbrahim Məmmədlinin başladığı “Almaniya dağılır” məsələsi, Mirşahin Ağayevin “vətənşüvən” malalama fəaliyyəti…

Azərbaycanın özünəməxsusluğu ondadır ki, ölkə formal olaraq Qərbin tərəfdaşıdır — enerji, təhlükəsizlik və b. sahələrdə həqiqətən əməkdaşlıq edir, lakin eyni zamanda avtoritar şəbəkənin ayrılmaz hissəsidir.

Bu “ikili mövqe”, “ikili oyun” rəsmi Bakıya guya “balanslı siyasət” yürüdən dövlət imici verir, amma əslində KQ və Autocracy, Inc.-in Güney Qafqaz cinahını formalaşdırır, sanksiyalardan yayınma və kapital yuması üçün yeni imkanlar açır.

Beləliklə, Azərbaycanda Şərqlə Qərbin siyasi, maliyyə, narkoticarət və bu kimi kriminal əlaqə və axınları kəsişərək Bakını kölgəli qloballaşmanın regional qovşağı və mərkəzinə çevirir.

Autocracy, Inc. və KQ-nın görünməz gücünün demokratik dünya üçün təhlükəsi tam realdır.

Bəs bu şər şəbəkəsi qalib gəlsə, nə olacaq?

Qanunun şah olması əvəzinə şahın qanunları, demokratiya əvəzinə diktatura, insanlar üçün bərabər imkan və hüquqlar əvəzinə sərt təbəqələşmə hökm sürəcək. Təxminən Azərbaycanda cəmiyyətə sırınan saxta “meritokratiya” kimi.

Bəs bunun qarşısını almaq mümkündürmü?

Hazırda, KQ və Autocracy, Inc.-in təsirinin artdığı bir dövrdə, demokratiyanın qarşısında iki yol var:

№1. Boş verib heç nə eləməmək. Əslində bu məğlubiyyət deməkdir. Düzdür, böyük dövlətlər öz aralarında sövdələşəcək, təsir dairələrini böləcəklər, kiçik və zəif ölkələrdən kimsə KQ-yə qurban gedəcək, kimsə çal-çağırla oynaya-oynaya gedəcək. İstənilən halda Qərbin sonu pis olacaq.

№2. Dirəniş və mübarizə etmək. Bu isə o deməkdir ki, Qərb ölkələri vətəndaşlarının öyrəşdiyi sakit, rahat və firavan həyat başa çatmaq üzrədir, çatıb. Ən azı bir müddətə. KQ-yə güclü müqavimət üçün əlavə xərclər lazım olacaq - həm Rusiya ilə qarşıdurma, həm Ukraynaya yardım, həm də müdafiə və təhlükəsizliyə əlavə yatırımlar. Bütün bunlar üçün kasıb olmasa da, qənaətlə, daha məhdud imkanlar səviyyəsində yaşamaq üçün qətiyyət və iradə, fədakarlıq gərəkdir. Hə, bir də qanunun aliliyi, mənbəyi naməlum ya şübhəli iri kapitalların haradan, necə gəldiyinə xeyli daha sərt nəzarət…

Bu mübarizədə demokratiyaların diktaturaları zəiflədib, müflisləşdirib çökdürəcəklərinin ehtimalı daha çoxdur – İkinci Dünya Müharibəsində demokratik qərb ölkələrin, - SSRİ-nin də iştirakıyla, - totalitar faşist ölkələrinə, “Soyuq Müharibədə” Amerikanın SSRİ-yə qalib gəldiyi kimi. Amma bu dəfə mübarizə xeyli daha çətin olacaq.

Autocracy, Inc. şəbəkəsi və kölgə qloballaması abstrakt obraz ya bənzətmə deyil, qloballaşmaya uyğunlaşan, ondan faydalanan avtokratiyaların yeni həyat və fəaliyyət forması, yüksək səviyyəli institusional bir sistemidir. Korrupsiya bu sistem üzvlərini birləşdirən dəyər, ortaq maraqlar və universal ünsiyyət dilidir, siyasi və iqtisadi inteqrasiya isə avtokratiyaların fəaliyyət və yaşamaq, sağ qalmaq yoludur.

Azərbaycan nümunəsi göstərir ki, milli avtoritarizm qlobal kriminal qazanc şəbəkəsinə qoşularaq həm daxildə möhkəmlənə, həm də xaricdə Qərbə sədaqət görüntüsü yarada və hətta etibar qazana bilər. Bu ikili mövqe kölgə qloballaşmasının çağdaş formasını anlamağın əsas yoludur - avtoritar rejimlər artıq tək-tək deyil, vahid strateji mexanizm kimi hərəkət edirlər.

Ənn Əpplbaumun qoyduğu sual isə açıq qalır: demokratik dünya bu çağırışa cavab verə biləcəkmi? Təkcə açıq hərbi təcavüzü deyil, həm də avtoritar şəbəkənin görünməz müdaxilə kanallarını dayandıra və tam ləğv edə biləcəkmi?

Şans və ehtimal var ki, bu qarşıdurmada avtokratiyalar zəifləyib ya özləri çökəcək, ya məğlub olacaqlar. Bu, boş xülya, əsassız ümid deyil, çünki:

\ 1. Tarixçi, politoloq, jurnalist və publisist Pol Consonun (1928-2023) yazdığı kimi, İkinci Dünya Müharibəsində qalib gəlmək üçün azad və demokratik qərb ölkələri, onların vətəndaş cəmiyyətləri bütün maddi, elmi-texniki və mənəvi imkanlarını sərt diktaturalardan daha yaxşı və daha çox səfərbər edə bildi.

\ 2. Ənn Əpplbaumun yazdığı kimi, liberal cəmiyyətlər, azad və açıq ölkələr insanlara qapalı diktaturalardan daha çox xoşbəxt və mənalı həyat imkanı verir.

\ 3. Bütün mənəm-mənəmliyinə və zahirən güclü görünməyinə baxmayaraq, avtokratiyalar – mürtəce, riyakar, zalım, hiyləgər, amma ağılsız, korrupsion və hər yerdə, öz ölkəsində də zorakı olduğu üçün labüd və qaçılmaz şəkildə daxili böhranlara məhkumdur”.

https://www.youtube.com/watch?v=9oTYbyhDc7I&t=4s