ASIMKOM

ASİMKOM jurnalist Əfqan Sadıqovla bəyanat yaydı!

ASİMKOM jurnalist Əfqan Sadıqovla bəyanat yaydı!

ASİMKOM Azərbaycanlı müxalif jurnalist Əfqan Sadıqovun Gürcüstandan çıxışına imkan verilməməsi və onun Azərbaycana qaytarılması ilə bağlı baş verən hadisələri ciddi narahatlıqla izləyir.

Məlum olduğu kimi, Əfqan Sadıqov uzun illərdir Azərbaycan hakimiyyətinə qarşı tənqidi mövqeyi ilə tanınır və bu səbəbdən dəfələrlə təqiblərə məruz qalıb. 2020-ci ildə o, uzunmüddətli həbs cəzasına məhkum edilmiş, 2023-cü ildə isə əfv sərəncamı ilə azadlığa buraxılmışdır. Həmin ilin sonunda ölkəni tərk edərək Gürcüstana yerləşmiş və fəaliyyətini oradan davam etdirmişdir.

Gürcüstanda olduğu müddətdə jurnalist həm Azərbaycan hakimiyyətini tənqid etməyə davam etmiş, həm də yerli siyasi proseslərdə, o cümlədən müxalif aksiyalarda iştirak etmişdir. Bu fəaliyyət nəticəsində o, 2024-cü ildə saxlanılmış və sonradan onun Azərbaycana ekstradisiyası ilə bağlı məhkəmə qərarı çıxarılmışdır.

Əfqan Sadıqov bu qərara etiraz olaraq uzunmüddətli aclıq aksiyasına başlamış, yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin onun həyat və təhlükəsizliyi ilə bağlı riskləri nəzərə alaraq ekstradisiyanın yolverilməzliyi barədə mövqe bildirməsindən sonra aksiyanı dayandırmışdır.

Sonrakı mərhələdə jurnalist azadlığa buraxılmış və ailəsi ilə birləşmək niyyətini açıqlamışdır. Onun ailə üzvləri artıq Fransada siyasi sığınacaq almış, 2026-cı ilin mart ayında isə ailə birləşməsi üçün rəsmi icazə verilmişdir. Bu çərçivədə jurnalistin Gürcüstandan çıxışına imkan yaradılması nəzərdə tutulurdu.

Lakin hadisələrin sonrakı inkişafı bu prosesin qarşısının kobud şəkildə, hüquqa sığmayan qaydalarla alındığını göstərir. Qısa zaman ərzində baş verən addımlar- hüquq-mühafizə orqanları arasında təmaslar, məhkəmə qərarlarının sürətlə dəyişməsi və gecə saatlarında həyata keçirilən əməliyyat jurnalistin ölkədən çıxışının məqsədli şəkildə əngəlləndiyini göstərir.

Aprelin əvvəlində jurnalistin yaşadığı ünvana hüquq-mühafizə orqanları tərəfindən müdaxilə edilmiş, o, saxlanılmış və gecə saatlarında keçirilən məhkəmə iclasında onun ölkədən çıxarılması barədə qərar qəbul edilmişdir. Qərar qəbul edilərkən təqdim olunan məlumatlar, o cümlədən sənədlərlə bağlı dəyişikliklər, prosesin şəffaflığı və hüquqi əsasları ilə bağlı ciddi suallar doğurur.

Qərardan dərhal sonra jurnalist Azərbaycan tərəfinə təhvil verilmiş, o, ölkəyə daxil olduqdan sonra müvafiq qurumda dindirildikdən sonra sərbəst buraxılmışdır. Çox təəssüf ki, bu, müvəqqəti azadlığa daha çox bənzəyir və jurnalist Azərbaycanda faktiki olaraq, girov vəziyyətində saxlanılır.

ASİMKOM hesab edir ki, baş verənlər ayrı-ayrı epizodlar deyil, ardıcıl və əlaqələndirilmiş addımların nəticəsidir. Bu proses bir jurnalistin sərbəst hərəkət hüququnun məhdudlaşdırılması ilə yanaşı, onun təhlükəsizliyi ilə bağlı real risklər yaradır.

Təcrübə göstərir ki, bu kimi hallarda əvvəllər bağlanmış cinayət işlərinin sonradan yenidən aktivləşdirilməsi mümkündür. Son illərdə xaricdən geri qaytarılan və ya deportasiya olunan şəxslərin sonrakı taleyi bu risklərin real olduğunu göstərir.

Hazırkı şəraitdə xaricdə fəaliyyət göstərən müstəqil jurnalistlər və siyasi fəallar xüsusi həssas kateqoriyaya daxildir. Onların fəaliyyət imkanlarının məhdudlaşdırılması, xüsusilə də Avropa ölkələrinə çıxışlarının qarşısının alınması, daha geniş tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

ASİMKOM Gürcüstan tərəfinin atdığı addımları ciddi narahatlıqla qiymətləndirir və bu prosesdə beynəlxalq hüquqi öhdəliklərin, o cümlədən məhkəmə qərarlarının nəzərə alınmasının vacibliyini vurğulayır.

Təşkilat hesab edir ki, yaranmış vəziyyətə beynəlxalq səviyyədə hüquqi və siyasi reaksiya verilməlidir. Xüsusilə, jurnalistin ailə birləşməsi hüququnun təmin olunması və onun təhlükəsiz şəraitdə ölkəni tərk etməsinə şərait yaradılması vacibdir.

ASİMKOM beynəlxalq təşkilatları və müvafiq dövlət qurumlarını məsələyə diqqət yetirməyə və vəziyyətin hüquq normaları çərçivəsində həllinə müdaxilə etməyə çağırır.

ASİMKOM İdarə Heyəti