ASIMKOM

Azərbaycanlı mühacirlərin-ASİMKOM-un təsis konfransından təəssürat cizgiləri

Çingiz Sultansoy
Azərbaycanlı mühacirlərin-ASİMKOM-un təsis konfransından təəssürat cizgiləri

Belə məclislərə qatılmağın yaxşı cəhətlərindən, - görüşün sırf siyasi, müstəqim məqsədindən, işgüzar tərəfindən başqa, - biri də odur ki, çoxdan olmadığın ya də ən azı az-az, təkəmseyrək olduğun azərbaycanlı siyasi və ziyalı toplumun içinə düşürsən. bütün məziyyətləri və nöqsanlarıyla birlikdə doğma mühitinə qərq olursan. Belə konfransların məziyyətləri dəfələrlə çoxdur, əlbəttə. Köhnə real və yeni virtual dostlarla görüşür, tanımadığın məsləkdaş və oxucularınla tanış olursan, əllərini sıxır, fikir və duyğularını danışırsan və cavabını eşidirsən, görür, mübadilə edirsən, faydalanırsan, məsləkdaşların avtoqraflı kitablarını hədiyyə alırsan. O günü mənə haqqında çoxdan eşitdiyim, amma əldə edə bilmədiyim iki kitab bağışladılar - Leyla və Arif Yunus cütlüyünün “Из советского лагеря в азербаджанскую тюрьму” və Qənimət Zahidin “Canavar” kitablarını. Sonuncunun 3 nüsxəsini istədim, Erlangendə və Nürnberqqdə dostlara paylamaq üçün. Bu kitabları oxuyub haqqında ayrıca yazacam hələ. Nə qədər gözəl və xoş, hətta ləzzətli anlar, dəqiqələr və saatlar yaşayırsan. Hələ Strasburq şəhəri haqqında, küçələri, binaları, meydanları, heykəlləri, onun aksia keçirdiyimiz “jeneral Klebeğ”, - general Kleber meydanı və heykəli, bu çox maraqlı taleli general haqqında təəssüratımı demirəm, onlara ayrıca post, daha dəqiq, esse həsr etmək lazımdır.

Şəkildə - Leyla Yunusun çıxışını dinlərkən.

Strasburq, 27.01.2024

Çingiz Sultansoy

← Back to Blog