ASIMKOM

Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzinin (ASİMKOM) Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenə müraciəti

Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzinin (ASİMKOM) Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenə müraciəti

Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzinin (ASİMKOM) Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenə müraciəti

Hörmətli xanım Ursula fon der Lyayen,

Biz Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın, eləcə də Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz çərçivəsində nəqliyyat və logistika əməkdaşlığının əhəmiyyətini qəbul edirik. Azərbaycanın Avropa üçün strateji tərəfdaş kimi rolunu anlayırıq.

Eyni zamanda xüsusi vurğulamaq istəyirik ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun əleyhinə deyilik, əksinə onun tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın Avroatlantik məkandan tam təcrid olunması nə Azərbaycan xalqının, nə də Avropanın uzunmüddətli maraqlarına cavab verir. Məhz buna görə Avropa İttifaqı ilə siyasi və iqtisadi əməkdaşlığın davam etməsini vacib hesab edirik.

Bununla yanaşı hesab edirik ki, dayanıqlı və strateji tərəfdaşlıq yalnız iqtisadi maraqlar üzərində qurula bilməz. Avropa İttifaqı həmişə özünü təkcə iqtisadi birlik deyil, həm də demokratiya, insan hüquqları, hüququn aliliyi və fundamental azadlıqlar üzərində qurulmuş dəyərlər birliyi kimi təqdim edib. Hesab edirik ki, həmin dəyərlər Azərbaycanla əməkdaşlığın və dialoqun da ayrılmaz hissəsi olmalıdır.

Son on il ərzində Azərbaycanda demokratik standartlar görünməmiş dərəcədə geriləyib. İlham Əliyev Azərbaycanda təkbaşına idarəetmə modeli formalaşdırıb. Azərbaycan Respublikasının Konstitusiyası da daxil olmaqla qanunvericilik Əliyevlər ailəsinin maraqlarına uyğunlaşdırılıb. Əliyevin saxta yollarla formalaşdırdığı parlament vasitəsilə qəbul etdiyi mürtəce xarakterli qanunlara istinad edilərək müstəqil media, vətəndaş cəmiyyəti təşkilatları və siyasi partiyaların fəaliyyəti faktiki olaraq tam nəzarət altına alınıb. Azərbaycanda bütün müstəqil media qurumlarının fəaliyyəti dayandırılıb, Abzas Media, Toplum TV və Meydan TV kimi müstəqil media qurumlarının redaksiya heyətləri tam tərkibdə həbs edilib. Onlarla jurnalist, hüquq müdafiəçisi, ictimai fəal, eləcə də əsas müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı davamlı repressiyalar həyata keçirilir, çoxsaylı partiya üzvləri qondarma ittihamlarla həbs olunublar. Hazırda Azərbaycan həbsxanalarında 400 nəfərdən artıq siyasi məhbus saxlanılır.

İlham Əliyevin tənqidçilərinə və siyasi rəqiblərinə qarşı repressiv davranışları Azərbaycan sərhədləri daxilində məhdudlaşmır. Azərbaycan hakimiyyəti öz tənqidçilərini Avropada da təqib edir. 2020–2025-ci illər ərzində hüquq müdafiəçisi Vidadi İsgəndərli Fransada, AXCP üzvü Vüqar Rzayev Belçikada, blogger Bakıxan Hüseynov Gürcüstanda, siyasi fəal və keçmiş siyasi məhbus Bayram Məmmədov Türkiyədə qətlə yetirilib. Blogger Məhəmməd Mirzəlini qətlə yetirməyə cəhd göstərən terror qrupunun 10 üzvü Fransada həbs edilib. Fransa məhkəməsi həmin şəxsləri 5 ildən 30 ilədək azadlıqdan məhrum edib və hökmündə qeyd edib ki, terror qrupunun məqsədi Məhəmməd Mirzəlini Azərbaycan hakimiyyətinin sifarişi ilə qətlə yetirmək olub.

İlham Əliyev yalnız avtoritar lider kimi deyil, həm də dünyanın ən korrupsioner dövlət başçılarından biri kimi tanınır. Azərbaycan iqtisadiyyatı faktiki olaraq Əliyevlər ailəsinin nəzarəti altındadır. 2020-ci ildən etibarən COVID-19 bəhanəsi ilə quru sərhədlərinin bağlı saxlanılması Azərbaycan vətəndaşlarının sərbəst hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdırıb və ölkəni faktiki təcrid vəziyyətinə salıb.

Nəzərinizə onu da çatdırırıq ki, İlham Əliyev Rusiyanın Avropa İttifaqının sanksiyalarından yayınmasına yaxından dəstək verir. Avropa İttifaqının əməkdaşlıq etdiyi SOCAR dövlət şirkətinin tankerləri, Türkiyədə yerləşən neft emalı zavodu, Azərbaycanda fəaliyyət göstərən Yelo Bank da daxil olmaqla onlarla şirkət, eləcə də Əliyevlər ailəsinə yaxın olan çoxsaylı şəxslər Rusiyanın kölgə donanması ilə əlaqələrinə görə Avropa İttifaqı, Böyük Britaniya və ABŞ tərəfindən sanksiyalara məruz qalıblar.

Hörmətli xanım Ursula fon der Lyayen,

İyulun 1-də Azərbaycana növbəti səfəriniz gözlənilir. Sizi Prezident İlham Əliyevlə keçirəcəyiniz görüşlərdə müzakirələri yalnız enerji təhlükəsizliyi və Orta Dəhliz layihələri ilə məhdudlaşdırmamağa çağırırıq.

Hazırkı şəraitdə Azərbaycan cəmiyyəti üçün ən təxirəsalınmaz və ən ağrılı problem siyasi məhbuslar məsələsidir. Hesab edirik ki, qısamüddətli perspektivdə məhz bu problemin həlli Azərbaycan cəmiyyətində müsbət dəyişikliklərə yol aça biləcək ən mühüm addımdır.

Biz Sizi İlham Əliyevlə keçirəcəyiniz görüşlərdə müzakirələri yalnız enerji təhlükəsizliyi və Orta Dəhliz layihələri ilə məhdudlaşdırmamağa çağırırıq. Hesab edirik ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı demokratiya və insan hüquqları məsələlərindən ayrı təsəvvür edilə bilməz. Buna görə də Sizdən siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad olunması, müstəqil medianın, vətəndaş cəmiyyətinin və siyasi partiyaların fəaliyyətinə qoyulmuş qadağaların aradan qaldırılması tələblərini Prezident İlham Əliyev qarşısında qətiyyətlə səsləndirməyinizi gözləyirik.

Avropa İttifaqı qonşu ölkələrlə münasibətlərində daim insan hüquqları və fundamental azadlıqlar prinsiplərini müdafiə etdiyini bəyan edib. Hesab edirik ki, həmin dəyərlər Azərbaycanla dialoqun da ayrılmaz hissəsi olmalıdır. Enerji təhlükəsizliyi, Orta Dəhliz və iqtisadi əməkdaşlıq fundamental hüquqlara hörməti əvəz etməməli, əksinə, onu tamamlamalıdır. Uzunmüddətli sabitlik və etibarlı tərəfdaşlıq yalnız vətəndaşların öz fikirlərini sərbəst ifadə edə, dinc şəkildə təşkilatlana və təqib qorxusu olmadan ictimai həyatda iştirak edə bildiyi şəraitdə mümkündür.

Biz ümid edirik ki, Sizin şəxsi nüfuzunuz və fəallığınız bu səfər zamanı siyasi məhbuslar probleminin həlli istiqamətində real nəticələrin əldə olunmasına kömək edəcək. İnanırıq ki, Avropa Komissiyasının bu məsələdə prinsipial mövqeyi Azərbaycan cəmiyyətinə mühüm mənəvi dəstək verəcək və Avropa İttifaqının öz fundamental dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirəcək.

ASİMKOM hesab edir ki, bu səfər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını daha möhkəm və uzunömürlü əsaslar üzərində qurmaq üçün mühüm imkandır. Həmin əsasların ayrılmaz hissəsi isə demokratiya, insan hüquqları, hüququn aliliyi, siyasi azadlıqlar və siyasi motivlərlə həbslərə son qoyulması olmalıdır.